Toronto şəhərində Novruz bayramına həsr edilmiş onlayn tədbir keçirilib
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Kanada Azərbaycanlıları Şəbəkəsinin (KAŞ) təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Onlayn formatda baş tutan tədbirdə KAŞ İdarə Heyətinin üzvləri, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Fuad Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, Toronto şəhərinin meri Con Tori, Kanada parlamentinin üzvləri, bu ölkədə yaşayan soydaşlarımız və onların ailə üzvləri iştirak ediblər.
Tədbirdə KAŞ-ın İdarə Heyətinin sədri Anar Cahangirli, Edmontondakı Azarbaycan Mədəniyyət Mərkəzinin sədri Fatimə Məmmədova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, Toronto şəhərinin meri Con Tori və başqaları çıxış ediblər. Əlamətdar gün münasibətilə soydaşlarımızı təbrik edən natiqlər bildiriblər ki, qədim tarixə malik Novruz bayramı xalqımızın ən önəmli, seçilən və əziz bayramlarından biridir. Qeyd edilib ki, baharın gəlişinin, təbiətin oyanmasının və canlanmasının təcəssümü olan Novruz bayramı ailələr, mədəniyyətlər və icmalar arasında sülh, əmin-amanlıq, həmrəylik, barışıq və birlik dəyərlərini təşviq edir, nəsildən-nəslə ötürülən zəngin adət-ənənələri ilə seçilir və daha yaxşı gələcək üçün ümidin rəmzidir.
"Qoy, bu Novruz bayramı bütün dünyaya firavanlıq, uğur, müsbət dəyişikliklər və əmin-amanlıq gətirsin! Bütün arzular və ümidlər gerçəkləşsin! Bütün evlər sevinc və xoşbəxtliklə dolsun!", - deyə V.Seyidbəyov xoş arzularını dilə gətirib.
Tədbirdə iştirak etməkdən məmnun olduğunu vurğulayan Toronto şəhər meri Con Tori xalqımızı bayram münasibətilə təbrik edib, eləcə də azərbaycanlılar haqqında yüksək fikirlərini söyləyib.
Tədbirdə Novruz bayramına həsr olunmuş milli rəqslərimiz nümayiş olunub, musiqi parçaları səsləndirilib.