İğdır vilayətində Vətən müharibəsinin 2783 şəhidinin xatirəsinə meşə-park salınıb

26.03.2021

İgdır Vəqfinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin 2783 şəhidinin xatirəsinə İğdır vilayətinin Tuzluca rayonu istiqamətində 2783 ağacdan ibarət meşə-park salınıb.
"İğdır Vəqfi Qarabağ Şəhidləri Meşə-Parkı" adı verilən ərazidə gerçəkləşdirilən tədbir Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin şərəfinə sayğı duruşu ilə başlayıb. Ağacəkmə mərasimində İğdır valisi Hüseyn Engin Sarıibrahim, baş prokuror Oğuz Şükrü Eren, Ədliyyə Nazirliyinin hakimi və İğdır Vəqfinin sədri Özgür İnan Zor, Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli, Mələkli Bələdiyyə sədri Eray Coşar, meşə-park müdiri Taner Tazegün, kənd təsərrüfatı müdiri Özkan Yolcu, texnologiya müdiri Fərdi Gürel, Ticarət Palatasının sədri Kamil Arslan, qeyri-hökumət təşkilatlarının rəhbərləri və yerli əhali iştirak ediblər.
Tədbirdə H.E.Sarıibrahim, Ö.İ.Zor və D.Rəcəbli çıxış ediblər.
"Bu torpaqlarda bizlər XIX əsrdən etibarən mücadilə aparırıq. Azərbaycan torpaqlarındakı bu mücadilə əslində I Dünya müharibəsi dövründən başlayıb. O dönəmdə də Türk milləti yenə əlindən gələn bütün imkanları ilə Azərbaycandakı qardaşlarının yanında idi. Bu gün İğdır Vəqfinin çox hörmətli menecerləri burada bir millət, iki dövlət anlayışına çox gözəl xidmət edən bir əsər ortaya çıxarıblar. O əsər də torpağa fidanlar əkməkdir. Şəhidlərimiz necə qanları ilə sulayaraq torpağı mübarək edirlərsə, bu torpaqlara əkəcəyimiz ağaclarda, ümid edirəm ki, Türk millətinin əsrlər boyu bu torpaqlarda yaşayacağının nişanəsi olur", - deyə vali bildirib.
İğdır Vəqfinin sədri Özgür İnan Zor deyib ki, xalq "2783 şəhid, 2783 fidan" mərasiminə çox böyük maraq göstərib: "Bu qərarın təməlində Vətən sevgisi dayanır. Vətən sevgisi demək – torpağı, milləti, təbiəti sevməkdir. Vətən uğrunda can verməyi gözə almaqdır. Bunun da ən canlı örnəyini 2020-ci ildə Qarabağda canını fəda edən şəhidlərimizdə gördük. Ruhları şad olsun!".
"Azərbaycanın 44 günlük savaşında yanında dayanan və hər anı ilə maraqlanan Türkiyəyə sonsuz təşəkkürlərimizi, minnətdarlığımızı bildiririk. Bu gün burada bir daha şahid olduq ki, bizlər "bir millət, iki dövlətik". Dünya var olduqca, bu qardaşlığımız da davam edəcək", - deyə D.Rəcəbli İğdır Vəqfinə minnətdarlığını bildirib.
Mərasim meşə-park üçün ayrılmış ərazidə 2783 ağacın torpağa əkilməsi ilə yekunlaşıb.