İzmirin Qarabağlar bələdiyyə sədri soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edib

26.03.2021

Novruz bayramı ərəfəsində Tirkiyədə fəaliyyət göstərən Azərbaycan Türkləri Dost Dərnəklər Federasiyasının təşəbbüsü ilə İzmirin Qarabağlar bələdiyyə sədri Muhiddin Selvitopla görüş keçirilib.
Federasiya sədri İsa Ambarçının və idarə heyətinin üzvlərinin iştirak etdikləri görüş zamanı Novruz bayramının Türk dünyasında yeri və əhəmiyyəti barədə danışılıb, bütün dünyada sülhün bərqərar olmasına dair arzular səsləndirilib. Bələdiyyə sədrinə bayramın rəmzi kimi "Səməni" məcməyisi təqdim edilib. İ.Ambarçı məcməyinin içində olan 12 ruzinin Azərbaycan ənənələrində önəmli yer tutduğunu və ilin bərəkətli keçməsi arzusu ilə hədiyyə olunduğunu nəzərə çatdırıb. Novruz adətlərinə uyğun olaraq bələdiyyə sədri məcməyidə olan yumurtaları federasiya üzvləri ilə toqquşdurub və "könüllər qırılmasın, yumurtalar qırılsın" ifadəsini dilə gətirib.
M.Selvitopu bildirib ki, Novruz bayramı barış, qardaşlıq, sevgi, hörmət və həyatı özündə ehtiva edir. "Birlik və bərabərlik içində, qardaşlıqla və sağlıqla yaşana biləcək bir dünya ümidi ilə baharın müjdəçisi Novruz bayramını təbrik edirəm", - deyə bələdiyyə sədri əlavə edib.