Oslodakı məktəblilərə Nizami Gəncəvi yaradıcılığının tərbiyəvi əhəmiyyətindən danışılıb
Norveçin paytaxtı Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu məktəbində "Nizami Gəncəvi yaradıcılığının uşaqlar üçün tərbiyəvi əhəmiyyəti" mövzusunda videogörüş keçirilib. Görüşün qonaqları filologiya elmləri doktoru, professor, yazıçı Zahid Xəlil, "Sehirli dünya" jurnalının baş redaktoru, yazıçı-jurnalist Gülzar İbrahimova və ibtidai sinif müəllimi İnarə Cəfərova olub.
Tanınmış yazıçı Zahid Xəlil ölkəmizdə keçirilən "Nizami ili" haqqında ətraflı məlumat verib, dahi sənətkarın yaradıcılığının uşaqlar üçün əhəmiyyətindən danışıb və ədəbi irsindən nümunələr səsləndirib. Bildirib ki, uşaqlarla münasibət bərabərhüquqlu davranış üzərində qurulmalıdır və onların kitablarla mütəmadi təmasda olması çox vacibdir. "Kitabda olan bilikləri heç nə əvəz edə bilməz" deyən professor valideynləri uşaqlarına maraqlı kitablar oxumağı təlqin etməyə çağırıb.
Sonra Zahid Xəlil və Gülzar İbrahimova öz yaradıcılıqlarından söhbət açaraq, ədəbi nümunələrini uşaqların nəzərinə çatdırıblar, ibtidai sinif müəllimi İnarə Cəfərova doğma dilimizi öyrənməklə bağlı öz təcrübəsini şagirdlərlə bölüşüb.
"Azərbaycandan çox-çox uzaqlarda – Oslada dilimizi qorumaq və yaşatmaq üçün yaradılmış məktəbin fəaliyyətini alqışlayıram. Ümid edirəm ki, bu fəaliyyət uzunömürlü olacaq", - deyə G.Ibrahimova tarixi vətəndən uzaqda dilimizi uşaqlarımıza öyrətməyin çox vacib olduğuna diqqəti cəlb edib.
Yazıçılarla məktəblilər və valideynlər arasında maraqlı ədəbi dialoq baş tutub, şagirdlərin ifasında nağıl, tapmaca, şeirlər və mahnılar səsləndirilib. Məktəb şagirdlərindən Səlim Abbaszadənin "Xarıbülbül" rəsmi, Sabina Luisa Hidayatinin pianoda ifa etdiyi musiqi yüksək qiymətləndirilib. Fəal şagirdlər "Sehirli Dünya" jurnalının diplomları ilə təltif edilib.
Tədbir şagirdlərin suallarının cavablandırılması ilə yekunlaşıb.