Kanadanın Edmonton şəhərində 20 mart tarixi "Novruz Günü" elan edilib
Kanadanın Alberta əyalətinin paytaxtı Edmonton şəhərinin meri Don İvesion 20 mart tarixini "Novruz Günü" elan edib.
Merin imzaladığı bəyannamədə qeyd edilib ki, dünya azərbaycanlıları, o cümlədən Edmonton şəhərində yaşayan azərbaycanlı icması üçün müqəddəs bayramlardan biri olan Novruz bayramı baharın gəlişini, təbiətin oyanmasını təcəssüm edir. Qədim ənənəyə malik Novruzun min illərdir müxtəlif etnik və dini mənsubiyyəti olan insanlar tərəfindən qeyd olunduğu, ailələr, mədəniyyətlər və icmalar arasında sülh, əmin-amanlıq, həmrəylik, barışıq və birlik kimi dəyərləri təşviq etdiyi nəzərə çatdırılıb.
Bəyannamə Edmontonda fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Cəmiyyətinin təşəbbüsü ilə qəbul edilib.