Mahaçqala şəhərində Novruz bayramına həsr olunmuş konsert təşkil edilib

26.03.2021

Mahaçqala Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin dəstəyi və "Dostluq Evi"nin təşkilatçılığı ilə Mahaçqala şəhərində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə Dağıstan Respublikasının milli siyasət və dini işlər üzrə nazirinin birinci müavini Harun Davudov, nazir müavini Arsen Mahmudov, Dağıstan Milli Məclisinin deputatı Leyla Kərimova, "Dostluq Evi"nin direktor müavini Georgi Harunov, "Dostluq Evi"nin nəzdindəki "Dostluq" ictimai şurasının sədri Badrudin İbrahimov, Dağıstandakı icmaların və diasporların nümayəndələri, İnquşetiya Respublikasındakı "Azərbaycan milli-mədəni müxtariyyəti" regional ictimai təşkilatının sədri Rəhmətulla Babayev və təşkilat üzvləri iştirak ediblər.

"Dostluq Evi"nin qarşısındakı meydanda Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim edilib. Konsertdə Dağıstanın "Kaspi" Dövlət rəqs ansamblının, Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrının, Dağıstan Opera və Balet Teatrının, eləcə də Dağıstan estradasının artistləri çıxış ediblər.