Xarkov şəhərində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib

26.03.2021

Xarkovda fəaliyyət göstərən "Dostluq" Azərbaycan mədəni-tədris mərkəzində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə yerli dövlət orqanlarının nümayəndələri, "Dostluq" Ukrayna-Azərbaycan Cəmiyyətinin üzvləri, eyniadlı mərkəzin şagirdləri və məzunları, valideynlər, Xarkovdakı ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirin aparıcısı, "Dostluq" cəmiyyətinin idarə heyətinin üzvü Etibar Əhmədov bildirib ki, bu dəfə keçirilən bayramın ən böyük xüsusiyyəti onun Qələbə ilə başa çatmış Vətən müharibəsindən sonra ilk dəfə keçirilməsidir. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.
Sonra tədbirdə "Dostluq" cəmiyyətinin sədri Murad Ömərovun müraciəti oxunub, Xarkov vilayətinin dövlət administrasiyasının daxili siyasət idarəsinin rəisi Liliya Şmaylova, Xarkov şəhər şurasının ictimai təşkilatlarla iş üzrə departamentinin nümayəndəsi Boris Butırin, Xarkovun Şevçenkovski rayon təhsil idarəsinin nümayəndəsi Yelena Silçenko çıxış ediblər. Onlar xalqımızı və tədbir iştirakçılarını baharın gəlişini xəbər verən, evlərə şənlik, ruzi gətirən bayram münasibətilə təbrik ediblər.
Xarkov şəhər başçısı adından "Dostluq" cəmiyyətinin idarə heyətinin üzvləri Kamran Abbasova, Vəli Həsənova və Bəhlul Mustafayevə "Ukrayna və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin genişləndirilməsində, gənclərin digər millətlərin nümayəndələrinə münasibətdə qarşılıqlı hörmət ruhunda tərbiyə edilməsinə böyük şəxsi töhfələrinə görə" təşəkkürnamələr təqdim edilib.
Bayram əhval-ruhiyyəsində davam edən tədbir mərkəzin "Azərbaycan mirvariləri" rəqs ansamblının təqdim etdiyi rəngarəng proqramla yekunlaşıb.