Qahirə şəhərində Novruz bayramı qeyd edilib
Misirdə fəaliyyət göstərən "Vətənpərvər" Diaspor Təşkilatları Birliyinin təşəbbüsü ilə Qahirədəki diaspor mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Qahirə şəhərində yaşayan azərbaycanlılar və onların ailə üzvləri, eləcə də tələbələrimiz iştirak ediblər. Giriş sözü ilə tədbiri açan "Vətənpərvər" Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov xalqımızın əziz bayramının tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, baharın gəlişinin, təbiətin oyanmasının rəmzi olan Novruz bayramı bu il daha fərqli şəkildə qeyd edilir. Ölkəmizin qədim Qarabağ bölgəsinin düşmən tapdağından azad edilməsi xarici ölkələrdə, o cümlədən Misirdə yaşayan və təhsil alan soydaşlarımızın bayram sevincini ikiqat artırıb. İndi baharın gəlişi Azərbaycanın dilbər guşəsi Qarabağda bərpa və quruculuq işlərinin aparılması ilə müşayiət olunur. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri zamanı verdiyi bəyanatlar, Qarabağda həyata keçiriləcək böyük layihələrin bünövrəsini qoyması xalqımızın daha xoşbəxt günlərinin müjdəsidir.
Birliyin sədri xatırladıb ki, 44 günlük Vətən müharibəsi günlərində Misirdəki diaspor təşkilatları Azərbaycanın ədalətli mövqeyinin və qələbəsinin bu ölkənin və ərəb dünyasının ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərib və gələcəkdə bu işlər daha intensiv şəkildə davam etdiriləcək. Tədqiqatçı-alim Misirin müxtəlif ali təhsil müəssisələrində çalışan azərbaycanlıları və təhsil alan tələbələrimizi xalqımızın tarixini, zəngin mədəni irsini və müasir dövrdəki nailiyyətlərini yerli mətbuatda və sosial media şəbəkələrində daha çox təbliğ etməyə çağırıb.
Tədbirdə çıxış edən soydaşlarımız xalqımızı və dünya azərbaycanlılarını Novruz bayramı münasibətilə təbrik edib, qalib xalqımıza sülh, əmin-amanlıq və tərəqqi arzulayıblar.