"Azİz" Novruz bayramına ədəbi-bədii videoproqram həsr edib
"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş "Qarabağa sülh" adlı ədəbi-bədii videoproqram təqdim edilib.
Proqramı giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman açıb və xalqımızı qədim Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, proqram iştirakçıları öz ifalarını Azərbaycan torpaqlarının erməni işğalçılarından azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçən igid övladlarımıza ithaf edirlər. "Azərbaycan, ənənələrinə görə, ilk Novruz bayramında döyüş meydanından geri qayıtmayan əzizlərini xatırlayır", - deyə Y.Salman nəzərə çatdırıb.
Tədbirdə Azərbaycanın Xalq artistləri Dina Tumarkina, Ayan Mirqasımova, opera müğənniləri Kameliya Yoffe, Miriam Hacıyeva, kamanca ifaçısı Salman Rabayev, skripka ifaçısı Olqa Yablonko, müğənnilər Aleksandr Avdalimov, Sarit Yosef, Fərid Aloni, Zərifə Alxazova, Liora Safanova, Manuel İsakov, müğənni-bəstəkarlar Mixail Bendikov, Rami Neşer, Həbəşistan yəhudiləri icmasının təmsilçidi Uriel Elsa və onun ustadı Bella Karmel, klarnet ifaçısı Vüqar Sultanov, "Qızıl Gül" etno-qrupunun müsiqiçiləri çıxış ediblər.
Proqramda Azərbaycanın görkəmli şairi Səməd Vurğunun şeirləri, İsrail Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mixail Salmanın Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə və azərbaycanlı əsgərlərə həsr etdiyi şeir səsləndirilib, Azərbaycan xalq və bəstəkar mahnıları ifa edilib.
Bu aksiyanın hər bir iştirakçısı müxtəlif millətlərdən olan Vətən müharibəsi şəhidlərinin ailələrinə müraciət edib, qəhrəman övladlar yetişdirdiklərinə görə onlara minnətdarlıq bildirib və hər birinin xatirəsi qarşısında baş əydiklərini qeyd ediblər. İfaçılar yaralı qazilərimizə tezliklə sağalmağı, normal həyata dönməyi, Qarabağ bölgəsində möhkəm sülhün bərqərar olmasını, Azərbaycanın çiçəklənməsini arzuladıqlarını vurğulayıblar.
Ədəbi-bədii proqramı aşağıdakı linkdən izləmək mümkündür:
https://youtu.be/Zivgo_Ho11U