Diaspor şəbəkəsinin cəmiyyətə töhfəsindən danışılıb
Avropa Birliyinin Qlobal Diaspor Mərkəzinin təşkilatçılığı ilə GUAM ölkələrinə (Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova) həsr olunmuş videokonfrans təşkil edilib.
GUAM ölkələrinin diaspor, Avropa Birliyi, Avropa Komissiyası və Miqrasiya İnkişaf Siyasəti üzrə Beynəlxalq Mərkəzinin nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycanı diasporumuzun İsveçrədəki təmsilçisi və Cenevrə Universitetinin elmi araşdırmaçısı-doktorantı Tural Əliyev təmsil edib.
"Diaspor – ənənəvi mənasından əlavə olaraq dəyişikliyi sürətləndirən şəbəkə" mövzusunda çıxış edən T.Əliyev bildirib ki, dünyanın hazırkı gündəliyi iqlim dəyişiklikləri, dayanıqlı inkişaf məqsədlərinin aşılanması, ekologiyanın qorunması, dayanıqlı inkişaf, bərpa olunan enerjidən və su ehtiyatlarından səmərəli istifadə mövzularıdır. Diaspor nümayəndələri yeni düşüncə və davranış qaydaları ilə cəmiyyətlərə bir növ dəyişiklik gətirir, yaşadıqları ölkələr və tarixi vətənləri arasında məlumatların ötürülməsində, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində vacib rol oynayırlar.
Natiq nəzərə çatdırıb ki, Azərbaycan və Xəzər dənizi hövzəsi də dünya və regionda baş verən çağırışlardan kənarda deyil. Qlobal dəyər və ümumi məqsədə xidmət edən insanların sayı ilbəil artır və regiondan asılı olmadan insanların diaspor hərəkatına cəlb olunması ilə şəbəkənin yeni bir səviyyəyə keçməsinə nail olmaq mümkündür.
Qeyd edək ki, konfransın açılış hissəsində çıxış edən Avropa Komissiyasının nümayəndəsi bildirib ki, Avropa Birliyi diaspor qüvvələrini cəmiyyətə dəyişikliyi gətirən, dayanıqlığı aşılayan və iqlim dəyişikliklərinə öz töhfəsini bəxş edə bilən şəbəkə kimi qəbul edir.