Məktəbli soydaşımız Niderland mediasını ermənilərin xeyrinə birtərəfli xəbərlər yaymaqda ittiham edib
Niderlanddakı ingilis dili təmayüllü Montessori liseyinin II sinif şagirdi Aida Həşimova bu tədris ocağında keçirilən xüsusi müsabiqənin qaliblərindən biri olub.
"Niderlandda Azərbaycan Evi"nin rəhbəri Elxan Mirhəşimli bildirib ki, 8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində məktəbdə şifahi nitq üzrə Gənclər müsabiqəsinin seçim turunun virtual formatda ilk mərhələsi təşkil edilib. Bu mərhələdə tədrisin iki dildə aparıldığı Niderland məktəblərinin II və III sinif şagirdləri ingilis dilində təqdimatla çıxış edib. Builki çıxışlar üçün "Mənə təsir edən hadisə" mövzusi seçilib.
Montessori liseyində finala II sinif şagirdi Aida Həşimova və III sinif şagirdi Sem van Balen çıxıblar. Aidanın təqdim etdiyi nitq "Birtərəfli xəbərlər", Semin çıxışı isə "Daş divarlar" adlandırılıb.
Aida çıxışında Azərbaycan və Ermənistan arasında münaqişədən və müharibədən, bu hadisələrin yerli KİV-lərdə qərəzsiz şəkildə işıqlandırılmasının vacibliyindən bəhs edib. Kiçik yaşlı natiq Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu, Ermənistanın milyona yaxın azərbaycanlını öz yurdundan qovduğu, yandırılan evlərin arasında atasının da evinin olduğunu, 1992-ci ildə erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı dəhşətli Xocalı soyqırımını törətdiyini, 10 noyabr 2010-ci il tarixində üçtərəfli sülh razılığının imzalandığını xatırladıb. Qeyd edib ki, Niderland KİV-ləri birtərəfli şəkildə erməniləri dəstəkləyir, hətta atasının rəhbərlik etdiyi "Niderlandda Azərbaycan Evi" tərəfindən dəfələrlə və israrla müraciət edilməsinə baxmayaraq, yerli media jurnalistikanın tərəfsizlik prinsipini pozaraq, azərbaycanlı icmanın mövqeyini işıqlandırmaqdan imtina edib. Buna misal olaraq Niderlandda yaşayan erməni həkimin mediada azərbaycanlılar haqqında xoşagəlməz ifadələr işlətməsi göstərilib. Aida xüsusilə vurğulayıb ki, avtomobil qəzası nəticəsində həmin erməni həkimin qəbuluna aparılarsa, deməli, azərbaycanlı kimi həyatının təhlükə altında olduğunu düşünməlidir.
Kişik yaşlı soydaşımız bildirib ki, gələcəkdə jurnalist olmaq istəyir, amma yalnız həqiqəti əks etdirən tərəfsiz və qərəzsiz məlumatlar yaymaq niyyətindədir.
Qeyd edək ki, regional finalı keçən şagirdlər bu il evlərindən və ya məktəbdən nitq söyləyəcəklər. Üç nəfərdən ibarət münsiflər heyəti qalibi müəyyənləşdirəcək.
Bu barədə daha ətraflı məlumatı aşağıdaki linkdən oxumaq mümkündür:
https://leomiddelse.nl/bijzondere-speechwedstrijd-op-montessori-high-school-osg-piter-jelles/