"Qadın – dünyanın ən qiymətli varlığı" mövzusunda videokonfrans təşkil edilib

09.03.2021

İsveç Azərbaycanlıları Koordinasiya Şurasının və "Odlar Yurdu" İsveç–Azərbaycan Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə 8 mart – Beynəlxalq qadınlar günü münasibətilə "Qadın – dünyanın ən qiymətli varlığı" mövzusunda videokonfrans keçirilib.
Konfransda İsveç Parlamentinin millət vəkili, Yönçöpinq bölgəsi üzrə Sosial Demokrat Partiyası Qadınlar Təşkilatının sədr müavini Diana Laytinen Karlson "Qadın hüquqları o zaman və indi", İsveç Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Yönçöpinq şəhər bölgəsinin şura üzvü, Sosial Demokrat Partiyası Qadınlar Təşkilatının idarə heyətinin üzvü İradə Əliyeva Söderberq "Bir mühacir qadın kimi hüquqlar uğrunda mübarizə", "Odlar Yurdu" İsveç-Azərbaycan Mədəniyyət Dərnəyinin sədri, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının sədr müavini Sevinc Nemətova "Azərbaycan qadını ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağıdır" mövzularında çıxış ediblər.
Müzakirələr zamanı isveçli qonaqlar Karin Viderberq, Karina Hanell, Mari Pantzar, İsveç Azərbaycanlılarının Koordinasiya Şurası İdarə Heyətinin üzvləri Raziyə Kazımova, Rəşadə Moen, Ramizə Fərəcova və İnci Murtuzayeva çıxış ediblər. Onlar qadınların cəmiyyətdəki rolu, uğurları, hüquqları, qarşılaşdıqları çətinliklər və problemlərin həlli yolları barədə fikirlərini bildiriblər.
Tədbirdə fəal iştirak edən soydaşlarımız Reyhan Əliyeva, Mahirə Muxtarova, Ruhiyyə İsayeva, Ülviyyə Nəcəfova, Heyran Xəlifi Bonab, eləcə də Bakı şəhərindən tədbirə qoşulan qonaqlar mühazirəçilərə maraqlı suallar ünvanlayıblar.