Xocalı soyqırımının qadınlara və uşaqlara təsiri müzakirə edilib

05.03.2021

Şimali Amerika Azərbaycanlı Gənclər Birliyi və "Armooh-Williams, PLLC" hüquq təşkilatının birgə təşkilatçılığı ilə "Xocalı faciəsi: Soyqırımı və əlaqəli immiqrasiya siyasətinin qadınlara və uşaqlara təsiri" mövzusunda videokonfrans keçirilib.
Tədbirdə Ədalət, Həqiqət və Barışıq üçün Qlobal Təşəbbüs proqramının baş meneceri Pratima Narayan, Beynəlxalq Vəkillər Assosiasiyasının müharibə cinayətləri üzrə ərəb bölgəsinin məsul şəxsi, "Anethum Global" təşkilatının əməkdaşı Sarah Elizabet Dill, Xocalı sakini Yasəmən Həsənova, Şimalı Amerika Gənclər Birliyinin sədri Aytac Qasımova iştirak ediblər.
"Armooh-Williams, PLLC" hüquq təşkilatının idarəedici vəkili, tədbirin moderatoru Coys Villiams bildirib ki, müharibələr və təbii fəlakətlər baş verəndə, bunun ən böyük ağırılığı qadınların və uşaqların üzərinə düşür, məcburi yerdəyişməyə səbəb olur, onlar getməyə və özlərini qorumağa yer tapa bilmirlər.
Tədbirdə çıxış edən Pratima Narayan, Sara Elizabet Dill soyqırımın qadınlara kişilərdən daha fərqli təsir etdiyini, kişilərin ailə başçısı və statuslarına, qadınların cəmiyyətin gələcəyini daşıdıqlarına görə hədəfə alındıqlarını nəzərə çatdırıblar.
Müzakirələr zamanı Xocalı sakini Yasəmən Həsənova Azərbaycanın qədim şəhərində insanlığa qarşı cinayətin törədilməsi, dağlarda insanların qətlə yetirilməsi, eyni zamanda qadınlara qarşı törədilmiş saysız hesabsız cinayətlər və əsirlikdə gördükləri işgəncələr haqqında danışıb. Bildirib ki, Xocalı soyqırımı baş verərkən 12 yaşında olub, atasını, anasını, nənəsini, babasını və başqa yaxın qohumlarını itirib. Valideynsiz böyüməyin və ağır psixoloji travmalarla yaşamağın çox çətin olduğunu, Xocalıda baş verənləri hələ də unuda bilmədiyini deyən soydaşımız bu faciəni ermənilərin etnik təmizləmə siyasəti adlandırıb, dünya birliyini və beynəlxalq təşkilatları soyqırımının tanınması və cinayətkarların məsuliyyətə cəlb olunması məsələlərinə biganə qalmamağa səsləyib.
Aytac Qasımova da eyni fikirdə olduğunu, hər il fevral ayında ABŞ-da yaşayan azərbaycanlıların "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində aksiyalar keçirdiklərini bildirib. Artıq bir neçə ölkənin Xocalı qətliamını soyqırım aktı kimi tanıdığını xatırladan soydaşımız qeyd edib ki, azərbaycanlılar beynəlxalq ictimaiyyətin və dünya birliyinin Xocalı soyqırımını tanımasını, uşaq, qadın və qoca olmaqla 613 mülki insanın qatillərinin, yüzlərlə insanı yaralayan və işgəncə verən erməni cəlladlarının ədalət məhkəməsi qarşısında cavab verməsini tələb edirlər. Yalnız bu halda gələcəkdə belə hadisələrin baş verməsinin qarşısı alına, Cənubi Qafqaz bölgəsində möhkəm sülh bərqərar ola bilər.