"Xocalı Qafqazın yarası – sülhün və inkişafın yeni üfüqləri" mövzusunda fikir mübadiləsi aparılıb
İtaliyada fəaliyyət göstərən "Nodo di Gordio" beyin mərkəzinin təşkilatçılığı ilə "Xocalı Qafqazın yarası – sülhün və inkişafın yeni üfüqləri" mövzusunda müzakirələr təşkil edilib.
Tədbirdə mərkəzin rəhbəri Daniele Lazzeri, yazıçı Andrea Marçiliano, keçmiş səfir Karlo Marsili, Sapienza Universitetinin Şərqi Avropa tarixi üzrə professoru Fabio Qrassi, Azərbaycan–İtaliya Gənclər Assosiasiyasının İdarə heyətinin üzvü Məryəm Mehdiyeva iştirak ediblər. Video formatda təşkil olunmuş müzakirələri Xocalıda baş verənlər haqqında məlumat verməklə başlayan moderator Daniele Lazzeri bu qırğını bölgədə 30 ilə yaxındır səngiməyən, nifrət, intiqam hisslərini daha da alovlandıran hadisə kimi qiymətləndirib. Bildirib ki, bölgədə vəziyyətin yenidən normallaşması üçün tərəflər dinc yanaşı yaşama münasibətlərini yenidən bərpa etməlidir.
Müzakirələr zamanı çıxış edən A.Marçiliano, K.Marsili, F.Qrassi və M.Mehdiyeva bu soyqırıma qədər də ermənilərin Dağlıq Qarabağda qətliamlar törətməsinə diqqəti cəlb ediblər, Xocalı faciəsini Azərbaycan və Ermənistan arasındakı münasibətləri gərginləşdirən və ağırlaşdıran əsas səbəblərdən biri kimi qiymətləndiriblər. Xocalı soyqırımı haqqında daha çox bilgilərin və məlumatların paylaşılmasının baş verənlər haqqında qərəzsiz və tərəfsiz düşüncənin təşəkkül tapmasına zəmin yaradacağı vurğulanıb və ötən ilin sonunda Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə qayıtması ilə münaqişənin başa çatdığı qeyd edilib. Ermənistanla Azərbaycan arasında münaqişənin tam bitməsinin yalnız beynəlxalq ictimaiyyətin iki xalqı bir-birindən ayıran yox, biri-birinə bağlayan mövzulara kökləməsi nəticəsində mümkün olacağı nəzərə çatdırılıb.
Qeyd edilib ki, İtaliyada Azərbaycanın tutduğu mövqe çox yaxşı başa düşülür. "Ermənistanla Azərbaycan arasındakı münaqişənin qəti həllinə ümid edirəm, hətta siyasi dəstəyimizi göstərmək üçün mümkün olan hər şeyi edəcəyik", - deyə keçmiş səfir Karlo Marsili bildirib.