İğdırda Vətən müharibəsi şəhidlərinin xatirəsinə "Qarabağ Şəhidləri Ormanı" yaradılacaq

06.03.2021

Köln Azərbaycan-Türk Mədəniyyəti və Həmrəylik Dərnəyi ilə Böyük Türk Qurultayı üçün Çağırış Komitəsi rəhbərlərinin Türkiyədə fəaliyyət göstərən İğdır Vəqfində görüşü keçirilib.
Bu barədə məlumat verən dərnək sədri Ufuk Kamal Ufuk bildirib ki, Çağırış Komitəsinin sədri İbrahim Xəlil Balayoğulları ilə görüş zamanı vəqfin Almaniya və Avropanın müxtəlif bölgələrində fəaliyyətinin genişləndirilməsi, milli məsələlər və qarşıda duran vəzifələr müzakirə edilib. Azərbaycanın Qarabağda əldə etdiyi parlaq Zəfərin bütün Türk dünyasının Qələbəsi olduğu önə çəkilib və bundan sonra ölkələrimizin inkişafını heç bir qüvvənin əngəlləyə bilməyəcəyi vurğulanıb.
Görüş zamanı bildirilib ki, Vəqf bir ildən az müddətdə 150 azərbaycanlı və türkiyəli üniversitet tələbəsinə təhsil təqaüdü təsis edib. Qurumun nəzdində Azərbaycan tarı və Azərbaycan milli sazı üzrə kurslar açılıb. Azərbaycanlı tələbələrə maddi-mənəvi dəstək göstərilir. Bundan əlavə, Vəqfin təşkilatçılığı və dəstəyi ilə 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini yaşatmaq üçün mart ayında İqdır bölgəsində meşə salınması nəzərdə tutulub. "İqdır Vəqfi Qarabağ Şəhidləri Ormanı"adı veriləcək ərazidə 2783 ting əkiləcək.
Qeyd edək ki, bu qurum iğdırlılar tərəfindən təsis edilən ilk vəqfdir. Onun loqosu üçrəngli Azərbaycan bayrağından ilhamlanaraq hazırlanıb. Vəqfin hədəfi Azərbaycan türklərinin təhsil, həmrəylik və mədəniyyət ocağına çevrilmək, ölkə daxilində İqdır bölgəsi, xarici ölkələrdə isə Azərbaycan başda olmaqla Türk Dünyasının təhsil, mədəniyyət və iqtisadi sahələrinə dəstək vermək, bu sahələrin tanıdılması, qorunması və genişləndirilməsi istiqamətində fəaliyyət göstərməkdir.