Özbəkistanın paytaxtında xeyriyyə festivalı təşkil edilib

05.03.2021

Daşkənd şəhərində fəaliyyət göstərən Britaniya məktəbində "Xalqların adət-ənənələri və milli mətbəxi" adlı xeyriyyə festivalı keçirilib.
Festivalda Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, İtaliya, İran, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, İndoneziya, Tacikistan və digər ölkələrin Özbəkistandakı səfirlikləri və mədəniyyət mərkəzləri iştirak ediblər. Soydaşlarımızın da aktiv iştirak etdiyi tədbirdə ölkəmizi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Açılış mərasimində çıxış edənlər festivalın əhəmiyyətindən danışıb, belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindəki önəmini vurğulayıblar.
Ölkəmizin guşəsində Azərbaycan və Türkiyə bayraqları, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, "Qarabağ həqiqətləri" seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı mərkəzin Daşkənddə özbək dilində çap etdirdiyi kitablar nümayiş etdirilib. Azərbaycanda "Nizami Gəncəvi ili" elan edilməsi ilə əlaqədar guşədə dahi şairin portreti və mərkəzin özbək dilində çap etdirdiyi “Xəmsə” kitabları da yer alıb. Ölkəmizin tarixi, mədəniyyəti, turizmi və son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlərə dair videomaterial təqdim edilib.
Azərbaycanın və Bakının əsrarəngiz mənzərələrini əks etdirən fotoşəkillər, milli musiqi alətlərimiz və məişət əşyalarımız, Qarabağın milli kişi və qadın geyimləri, eləcə də Mədəniyyət Mərkəzinin naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər, milli məxbəz nümunələrimiz maraqla qarşılanıb. Qeyd edək ki, xeyriyyə tədbirindən əldə edilən vəsait uşaq evlərinə köçürüləcək.
Festivalın konsert proqramında Mərkəzin "Azərbaycan qızları" rəqs ansamblı çıxış edib. Festival iştirakçıları və qonaqlar onların ifasında "Şuşanın dağları", "Qafqaz rəqsi" və sair milli rəqsləri alqışlarla qarşılayıblar.
Mərkəzin direktoru Samir Abbasov bildirib ki, minlərlə şagirdin təhsil aldığı Britaniya məktəbində xalqımızın milli mədəniyyətinin və mətbəxinin təbliği xüsusi əhəmiyyət kəsb edir, çünki belə festivallarda iştirak etməklə ölkəmizin tarixi, mədəniyyəti, turizmi və mətbəxinə dair tanıtım layihələri həyata keçirilir. Qeyd edib ki, yaxın günlərdə Britaniya məktəbinə Azərbaycan haqqında kitablar hədiyyə olunacaq.