Amerika–İsrail beynəlxalq humanitar təşkilatı dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb
"Vaad Le Attsalat Nidxey İsrael" ("VaadL’hatzolas Nichel Yisroel") Beynəlxalq Humanitar Təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib. Konfransda təşkilatın Azərbaycan, İsrail və ABŞ-dan olan nümayəndələri ravvin Zamir İsayev, ravvin Şmuel Simantov və ravvin Elişa Laqranski iştirak ediblər.
Soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayan tədbirdə Xocalı faciəsi barədə danışılıb, beynəlxalq təşkilatların və dünya dövlətlərinin Xocalının soyqırımı aktı kimi tanınması üçün qətiyyətli addımlar atmasının vacibliyi vurğulanıb. Vaxtilə ölkəmizdə yaşamış konfrans iştirakçıları Azərbaycanı multikultural dəyərlərə sadiq, sülhsevər və qonaqpərvər dövlət kimi səciyyələndiriblər.
Tədbirdə Xocalı soyqırımına həsr olunmuş "İnsanlığın bitdiyi yer" adlı sənədli filim ivrit dilində nümayiş etdirilib.
Konfrans Xocalı soyqırımı ilə əlaqədar xüsusi bəyanatın qəbul olunması ilə başa çatıb. Bəyanatda bildirilir ki, "VaadL’hatzolas Nichel Yisroel" Beynəlxalq Humanitar Təşkilatı Xocalı faciəsini soyqırımı aktı kimi tanıyır, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları da bu faciəni soyqırım və insanlığa qarşı törədilmiş cinayət aktı kimi tanımağa çağırır.