Diaspor könüllüləri Xocalı soyqırımı ilə bağlı xüsusi aksiya təşkil edib
Diaspor könüllülərinin təşəbbüsü ilə sosial şəbəkə üzərindən Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş xüsusi aksiya keçirilib.
Aksiya zamanı "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasına dəstək çərçivəsində gənclər soyqırımı əks etdirən foto, video və digər məlumatları #JusticeforKhojaly həştəqi ilə paylaşıblar.
Diaspor Könüllülərinin və azərbaycanlı gənclərin çoxsaylı və çevik paylaşımları nəticəsində 26 fevral tarixində #JusticeForKhojaly həştəqi "twitter"in dünya trendində 2-ci, #HocalıKatliamı həştəqi isə 3-cü olub.
Xatırladaq ki, ötən il Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş xüsusi aksiya zamanı yüzlərlə diaspor könüllüsü, ölkədə və xaricdə yaşayan azərbaycanlı gənclər Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması və bu faciəyə ədalətli siyasi-hüquqi qiymət verilməsi üçün ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Norveç, Macarıstan, Türkiyə, Rusiya da daxil olmaqla, ümumilikdə 50-dən çox ölkənin millət vəkillərinə müraciətlər ünvanlayıblar. Diasporla İş üzrə Dövlət Komitəsində toplaşan könüllülər öz şəxsi elektron ünvanlarından müxtəlif ölkələri təmsil edən 10 mindən çox deputatın elektron ünvanına bununla bağlı müraciətlər göndərdilər.