Tatarıstanın Leninoqorsk şəhərində Xocalı soyqırımının qurbanları anılıb

05.03.2021

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Leninoqorskdakı "İxlas" məscidinin imamı Bulat Raupovun şəhidlərin ruhuna Quran ayələri oxuması ilə başlayıb.
Tədbirdə çıxış edən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Məmmədov deyib ki, Yer kürəsinin ən ucqar guşələrində belə azərbaycanlılar bu günü matəm günü kimi qarşılayır, "Xocalıya ədalət" aksiyası keçirirlər.
Tədbir iştirakçıları qeyd ediblər ki, erməni separatçılarının Dağlıq Qarabağ münaqişəsi zamanı xüsusi qəddarlıqla törətdiyi Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı uzun illər apardığı işğalçı və təcavüzkar siyasətin ən qanlı səhifələrindən biridir, ağlasığmaz və bəşəriyyətə qarşı misli görünməmiş cinayətdir. Onlar beynəlxalq ictimaiyyəti və birliyi bu dəhşətli faciəni soyqırım aktı kimi tanımağa, mülki insan, o cümlədən uşaq, qadın və qoca qatillərinin cinayət məsuliyyətinə cəlb edilməsi və ədalət məhkəməsi qarşısında layiqli cəza alması istiqamətində qətiyyətli addımlar atmağa çağırıblar.