Azərbaycan diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı Fransa hökumətinə müraciət edib

05.03.2021

Fransada fəaliyyət göstərən Fransa Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Fransanın Milli Assambleyasının deputatlarına və senatorlarına müraciət edilib.
Fransa-Azərbaycan Dialoqu Assosiasiyası, "Ulduz" Mədəniyyət Assosiasiyası, "Alim" Elm Assosiasiyasi, Fransa-Azərbaycan Gənclər Assosiasiyası, Fransa- Azərbaycan Mədəniyyət Assosiasiyası, Fransa Azərbaycanlı Tələbələr Assosiasiyası, Fransada Azərbaycan İcmasının fransız parlamentarilərinə ünvanlanan birgə məktubunda Ermənistanın Azərbaycanın əzəli torpaqlarına əsassız iddiası ilə başlayan Dağlıq Qarabağ münaqişəsi, etnik azərbaycanlıların Ermənistandakı və Dağlıq Qarabağdakı yurd-yuvalarından qovulduqları, Azərbaycan ərazilərinin 20%-nin 30 ilə yaxın müddət ərzində işğal altında saxlanıldığı, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin mülki əhalisinə qarşı qanlı soyqırımı törədildiyi barədə ətraflı məlumat verilib.
Xocalıda qanlı qırğının törədilməsilə 1949-ci ildə qəbul olunmuş Cenevrə Konvensiyası, Birləşmiş Millətlər Təşkilatının "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyası, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə" Konvensiya daxil olmaqla bir çox beynəlxalq müqavilələrin kobudcasına pozulduğu və tapdandığı nəzərə çatdırılıb. Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarına görə, Xocalıdakı qırğının insanlığa qarşı cinayət olduğu, 26 yanvar 2012-ci il tarixində Avropa Şurası Parlament Assambleyasının Xocalı soyqırımını pisləyən qərar qəbul etdiyi və üzv ölkələrin parlamentlərini də bu addımı atmağa çağırdığı yada salınıb.
Soydaşlarımız fransız deputatların və senatorların nəzərinə çatdırıblar ki, Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın dinc əhalisinə qarşı beynəlxalq qanunların pozulması ilə müşayiət olunan belə amansız cinayətləri törədənlərin cəzasız qalmalarına etiraz olaraq bu məktubu onlara ünvanlayırlar. "Ümid edirik ki, bu məktub sizi biganə qalmağa qoymayacaq, ədalətin, beynəlxalq hüququn və mənəviyyatın tərəfini tutmağa inandıracaq".
Xocalı soyqırımının rəsmi şəkildə tanınması üçün Fransa Respublikasının Prezidenti, Fransa Xarici İşlər Naziri, Fransa Milli Assambleyası və Senatının başçılarına da məktub ünvanlanıb.