Kanada Azərbaycanlıları Şəbəkəsi "Xocalını unutmayaq!" adlı videokonfrans təşkil edib

04.03.2021

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Kanada Azərbaycanlıları Şəbəkəsinin (KAŞ) təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş "Xocalı soyqırımını unutmayaq!" mövzusunda videokonfrans keçirilib.
Azərbaycanlı icmanın fəal üzvü Dəniz Haditalabın moderatorluğu ilə keçirilən tədbirdə KAŞ İdarə Heyətinin üzvləri, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Fuad Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Lorens, Kanada parlamentinin üzvü Maykl Kuper (Michael Cooper) və icma üzvləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan KAŞ-ın İdarə Heyətinin sədri Anar Cahangirli 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər barədə ətraflı məlumat verib, Xocalı soyqırımı nəticəsində 613 dinc sakinin öldürüldüyünü, 487 nəfərin yaralandığını, 1275 nəfərin əsir götürüldüyünü, 150 nəfərin itkin düşdüyünü nəzərə çatdırıb. O, dinc əhalinin qəddarcasına qətlə yetirildiyi bu hadisəni Azərbaycan xalqına qarşı törədilən amansız faciə adlandırıb və 26 fevral tarixinin hər il dünya azərbaycanlıları tərəfindən Anım Günü kimi qeyd edildiyini vurğulayıb.
Sonra Xocalı soyqırımının canlı şahidi və erməni əsirliyində olmuş Mehriban Bəkirovanın acı xatirələrini əks etdirən videoçarx nümayiş etdirilib.
Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Fuad Əliyev Xocalı hadisələrinin canlı şahidi olduğunu, bu faciənin unudulmaz və dəhşətli olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Xocalı faciəsi haqqında dünya ölkələrində kifayət qədər dolğun məlumat var və bu qanlı cinayət heç vaxt unudulmamalıdır.
Tədbir iştirakçıları erməni faşizminin təcəssümü olan Xocalı soyqırımını hiddətlə pisləyərək Cənubi Qafqaz bölgəsinə sülh və barışın gəlməsi naminə Xocalı soyqırımının Kanada və digər dövlətlər tərəfindən tanınmasının, müqəssirlərin cinayət məsuliyyətinə cəlb edilməsinin zəruriliyini vurğulayıblar.
Tədbirin sonunda Kanadada yaşayan musiqiçilərimizin ifasında Xocalı soyqırımına həsr olunmuş əsərlər təqdim edilib.