Niderland mediasında Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub

04.03.2021

Niderland Krallığının "Franeker Courant" qəzetində və eyniadlı https://krant.franekercourant.nl xəbər portalında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə dərc olunub.
"Niderland Azərbaycan Evi"nin rəhbəri Elxan Mirhəşimli və təşkilatın sədr müavini Ələkbər Həşimovun fikirlərinin yer aldığı məqalədə 29 il öncə Xocalıda baş verənlər barədə ətraflı məlumat verilib, bu faciə soyqırımı aktı və "tarixin qara səhifəsi" adlandırılıb.
Bu ölkədə yaşayan azərbaycanlı icmasının Xocalı soyqırımının Niderland parlamenti tərəfindən tanınmasını istədiyinə diqqət cəlb edilib. Qeyd edilib ki, sülh tərəfdarı olan Azərbaycan muharibə istəmir və erməni xalqı ilə dinc yanaşı sülh şəraitində yaşamağa hazırdır. Amma gələcəkdə belə faciələrin və hərbi cinayətlərin baş verməməsi üçün erməni separatizminə son qoyulmasını, Xocalıda soyqırımı törədənlərin məhkəmə qarşısında cəzalandırılmasını tələb edir.
Müəllif xatırladıb ki, ermənı separatçıları Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu zəbt edərək bu əraziləri 30 ilə yaxın müddət ərzində işğalda saxlayıb. "Elxan Mirhəşimli işğaldan azad edilən Qubadlını, anadan olduğu və böyüyüb boya başa çatdığı öz ata ocağını görmək istəyir. Amma Elxan Mirhəşimlinin evini ermənilər yandırıb, ərazi isə minalanıb, buna görə də evinə gedə bilmir. Erməni separatizmindən əziyyət çəkən və muharibədən qacıb Niderlanda gələn azərbaycanlılar Niderland hökumətinə onları öz ölkəsində qəbul etdiyi və yardımını əsirgəmədiyi üçün minnətdarlıq edir", - deyə müəllif nəzərə çatdırıb.
Məqalədə qonaqpərvər və sülhsevər, multikultural dəyərlərə sadiq Azərbaycanın zəngin adət-ənənələri, mədəniyyəti və turizm potensialı, "Niderland Azərbaycan Evi"nin yaradılması, fəaliyyəti barədə məlumat verilib, xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məsələlərinə diqqət cəlb edilib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://krant.franekercourant.nl