Budapeştdə Xocalı soyqırımı qurbanlarının ruhuna üç müxtəlif dində dualar oxunub

04.03.2021

Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi, Macarıstan–Azərbaycan Gənclər Birliyinin (MAGB) təşkilatçılığı ilə Budapeşt şəhərində Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Dunay çayı kənarında yerləşən "Qəmgin tank" abidəsinin qarşısında baş tutan tədbiri giriş sözü ilə açan MAGB-nin İdarə Heyətinin üzvü Rəşad Mehbaliyev Xocalı soyqırımı barədə müfəssəl məlumat verib. Qeyd edib ki, erməni silahlı birləşmələri Xocalı faciəsini törətməklə bəşəri cinayətə yol verib və xalqımız bu qanlı qırğını heç zaman unutmayacaq.
Tədbir Xristianlıq, İudaizm və İslam qaydalarına əsasən duaların oxunması ilə davam edib. Xocalı soyqırımı qurbanlarının ruhu üçün Subyektiv Dəyərlər Fondunun prezidenti Marçel Lörinç xristian, Macarıstan Yəhudi İcmaları Assosiasiyasının əməkdaşı Tamaş Deşi iudaizm, Macarıstan İslam Cəmiyyətinin imamı Yakab Corc islam dualarını oxuyublar.
Macar qonaqlar Xocalı faicəsinin dəhşətləri barədə fikirlərini söyləyiblər və bu qanlı qırğınla bağlı dərin təəssüf hisslərini iştirakçılar ilə paylaşıblar. Onlar azərbaycanlıların multikultural dəyərlərə malik olduğunu, Azərbaycanda mövcud olan müxtəlif dini və etnik icmaların sülh və barış içində yaşamasından xəbərdar olduqlarını bildiriblər.
Budapeştin yüzlərlə sakini "Qəmgin tank" abidəqinin qarşısında təşkil edilmiş anım guşəsini ziyarət ediblər və yaxın keçmişdə hələ də soyqırımı aktının baş verməsindən təəssüfləndiklərini bildiriblər. Soydaşlarımız və macarlar Xocalı qurbanlarının xatirəsinə şamlar yandırıb və güllər düzüblər. Bütün tədbir iştirakçıları bəşəri dəyərlərin, sülhün və sabitliyin qorunmasının vacibliyini, mehriban qonşuluq və dinc yanaşı yaşamaq siyasətinin əhəmiyyətini qeyd ediblər.