Bolqarıstan və Azərbaycan tələbələrinə Xocalı soyqırımından danışılıb
Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin və Azərbaycanın Bolqarıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş beynəlxalq videokonfrans keçirilib.
Konfransda Bolqarıstandakı Azərbaycan icmasının nümayəndələri, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində "Azərbaycan multikulturalizmi" və "Azərbaycan dili" üzrə təhsil alan bolqar tələbələr, Bakı Slavyan Universitetinin nəzdindəki Bolqar Dili və Mədəniyyəti Mərkəzinin nümayəndələri, eləcə də universitetin bolqar dili üzrə təhsil alan tələbələri, Azərbaycan səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska konfrans iştirakçılarına Xocalı faciəsi barədə bolqar və Azərbaycan dillərində ətraflı məlumat verib.
Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Vüsalə Sadıqova, Milli Məclisin üzvü, Azərbaycan-Bolqarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Rauf Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri üzrə şöbəsinin müdir müavini Cahid Quliyev çıxış ediblər. Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri və Birinci Qarabağ müharibəsinin ən faciəli səhifəsi Xocalı şəhərinin işğalı olub. Bu qətliam zamanı Xocalı şəhərinin darmadağın edildiyi, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədildiyi nəzərə çatdırılıb. Hər il müxtəlif ölkələrdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar silsilə anım tədbirlərinin təşkil olunduğu vurğulanıb.