Amerika-Azərbaycan Mədəniyyət Mərkəzi Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib
Nyu-Yorkda fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Mərkəzi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.
Mərkəzin rəhbəri Nadia Z.Şarifinin imzası ilə yayılmış bəyanatda bildirilir ki, Xocalı soyqırımından 29 il keçməsinə baxmayaraq, xalqımız bu dəhşətli faciənin acısını getdikcə daha çox hiss edir. XX əsrin sonlarında bütün dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğunu vurğulayan bəyanatda erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçilərinin dəstəyilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dinc azərbaycanlılara amansızlıqla divan tutduğu qeyd edilib. Bu qeyri-insani cinayət hiddətlə pislənilib, beynəlxalq ictimaiyyətə Xocalıya ədalətli münasibət nümayiş etdirməklə bağlı çağırış edilib.
Bəyanatda Azərbaycanın davamlı sülh, inteqrasiya və azad olunmuş ərazilərinin dirçəldilməsi istiqamətində səylərinə dəstək də ifadə edilib.