Münhen şəhərindəki Azərbaycan Evində Xocalı soyqırımı ilə bağlı anım guşəsi təşkil edilib
Almaniyanın Münhen şəhərindəki Azərbaycan Evində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım guşəsi təşkil edilib.
"Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində təşkil edilən guşədə Xocalı qətliamının dəhşətlərini əks etdirən kitablar, fotoşəkillər, posterlər, erməni faşizminin təbliğatçıları Zori Balayanın, David Xerdiyanın və Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Xocalı soyqırımı barədə etirafları nümayiş etdirilib. Şamlar vasitəsilə "Xocalı" sözü və "613" rəqəmi yazılıb.
Münhen Azərbaycan Evinin rəhbəri Səttar Kərimov bildirib ki, anım guşəsini ziyarət edənlər arasında Azərbaycan diasporunun fəalları ilə yanaşı yerli sakinlər və müxtəlif icma nümayəndələri olub. Əcnəbilərə 29 il öncə erməni silahlı birləşmələrinin Xocalının dinc sakinlərinə qarşı törətdikləri dəhşətli cinayət barədə ətraflı məlumat verilib və onlara Xocalı həqiqətlərindən bəhs edən broşürlər paylanıb.