Toronto şəhərində "Bu gün mən Xocalının səsiyəm!" mövzusunda onlayn dərs keçirilib
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən "Azərbaycan dili sinfi"nin müəllimi Yeganə Cəfərovanın təşəbbüsü ilə növbəti dərs "Bu gün mən Xocalının səsiyəm!" mövzusuna həsr edilib.
Onlayn formatda keçirilən dərs Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şagirdlərə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı motoatıcı alayın hərbçilərinin dəstəyilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı dəhşətli kütləvi qırğın törədiblər. İnsanlığa sığmayan cinayət zamanı aralarında uşaqların, qadınların və qocaların da olduğu 613 mülki insan qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi indiyədək məlum deyil.
Sonra Xocalı soyqırımına həsr olunmuş qısametrajlı film nümayiş edilib. Dərsin gedişində şagirdlər "Xocalıya ədalət!", "Onlar unudulmadılar!", "Bu gün biz Xocalının səsiyik!" kimi şüarlar və müəllimləri Yeganə Cəfərovanın qələmə aldığı "Xocalının səsiyəm!" şeirini səsləndiriblər.
Qeyd edək ki, Toronto şəhərində fəaliyyət göstərən "Azərbaycan dili sinfi"ndə şəhər və ətraf bölgələrdə yaşayan azərbaycanlı ailələrin uşaqlarına doğma dilimiz tədris edilir.