İstanbuldakı Azərbaycan məktəblərində Xocalı soyqırımının qurbanları yad edilib

03.03.2021

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan məktəbində və Azərbaycan Təhsil və Kültür Dərnəyinin nəzdindəki Milli Qəhrəman Mübariz İbrahimov adına məktəbdə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
Heydər Əliyev adına məktəb şagirdlərinin İstanbuldakı 15 Temmuz Şəhidliyində baş tutan anım mərasimi Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən məktəb direktoru Muhəmməd Karasu erməni faşistlərinin Xocalıda dinc azərbaycanlılara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törətdikləri soyqırım aktı barədə ətraflı məlumat verib.
Ötən 28 ildən fərqli olaraq bu gün başqa hissiyyatla şəhidlərimizin hüzurunda olduqlarını vurğulayıb: "Bir tərəfdə bu vəhşətin hüznü, digər tərəfdə Azərbaycan ordusunun 44 günlük savaşda şəhidlərimizin intiqamını almasının haqlı qüruru var. Bütün dünya gördü ki, əlinə imkan keçən kimi erməni ilk fürsətdə soyqırıma əl atır, Ermənistanı məğlub edən Azərbaycan ordusu isə mülki ermənilərə nümayiş etdirdiyi davranışı ilə Ermənistan başda olmaqla Xocalı soyqırımını görməyən erməni havadarları olan ölkələrə insanlıq dərsi verdi".
Məktəb direktoru qeyd edib ki, bəşər tarixi Ermənistanı soyqırım törətməklə, Azərbaycanı isə Şuşa, Füzuli və Murovdağda göstərdiyi qəhrəmanlıqlarla xatırlayacaq.
Tədbirdə şeirlər və şüarlar səsləndirən məktəb şagirdləri şəhid məzarlarını ziyarət ediblər, üzərlərinə qərənfillər düzüblər.
Azərbaycan Təhsil və Kültür Dərnəyinin təşkilatçılığı ilə Mübariz İbrahimov adına məktəbin şagirdləri isə İstanbulun Bayrampaşa rayonunda yerli sakinlərə Xocalıda şəhid olan uşaqların faciəsinə həsr etdikləri kompozisiyanı təqdim ediblər. Şəhər sakinlərinə və turistlərə Xocalı soyqırımı barədə ətraflı məlumat verilib.
Tədbir dərnəyin binasında Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və ruhlarına dualar oxunması ilə yekunlaşıb.