Xarkov şəhərində soyqırımı qurbanları anılıb və Xocalı mövzusunda dərs təşkil edilib
Xarkov vilayətində fəaliyyət göstərən "Dostluq" Azərbaycan-Ukrayna Cəmiyyətinin təşkilatçılığı ilə Xarkov şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.
Cəmiyyətin nəzdindəki Azərbaycan mədəni-tədris mərkəzində Xocalı mövzusunda təşkil edilən dərsdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəz şagirdlərinin qarşısında "Dostluq" cəmiyyətinin sədri Murad Ömərov, idarə heyətinin üzvləri və müəllimlər çıxış ediblər. Tədbir mərkəzin yetirmələrinin Xocalı faciəsinə həsr olunmuş şeirləri səsləndirməsilə yekunlaşıb.
Anım tədbirində isə Xarkovdakı yerli ictimaiyyətin və azərbaycanlı icmasının nümayəndələri, "Dostluq" cəmiyyətinin rəhbərliyi, mədəni-tədris mərkəzinin müəllim-şagird heyəti və valideynlər iştirak ediblər. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Tədbir iştirakçıları qarşısında çıxış edən "Dostluq" cəmiyyətinin sədri Murad Ömərov erməni təcavüzünü hiddətlə pisləyib, rəhbərlik etdiyi cəmiyyətin Xocalı faciəsinin unudulmaması üçün gördüyü işlərdən danışıb. O, həmçinin diqqəti 2020-ci ildə Azərbaycanın çoxdan gözlədiyi Qələbənin əldə olunmasına və ərazi bütövlüyümüzün bərpa edilməsinə yönəldib.
Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində litvalı rejissor Aleksandr Brokasın çəkdiyi "Sonsuz dəhliz" sənədli filminin nümayişi ilə davam edib.
Tədbir iştirakçılarına Ukrayna dilinə tərcümə edilmiş "Xocalının nəticələri: Böyüməyən uşaqlar" kitabı təqdim edilib.