Türkiyənin müxtəlif şəhərlərində Xocalı soyqırımı qurbanları anılıb

03.03.2021

Türkiyənin İstanbul, Kahramanmaraş, İzmir, Giresun, Manisa, İğdır və Eskişehir şəhərlərində Xocalının 29-cu ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib. Bütün tədbirlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Manisa-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə Manisa şəhərində 15 Temmuz Demokratiya Meydanında baş tutan tədbirdə siyasətçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və yerli sakinlər iştirak ediblər. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və ruhlarına duaların oxunması ilə başlayıb.
Mərasim iştirakçıları qarşısında çıxış edən Manisa-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Yalçın Taşdəmir bildirib ki, Azərbaycan və Türk Dünyası Xocalı qırğınını heç bir vaxt unutmayacaq: "Təqvimdə fevral gələndə biz kədərlənirik. Bilirik ki, bu kədərin ağırlığı gözlərimizi yaşardır, ağrımızı təzələyir. Amma həm də şüurumuzu canlandırır, bizə dost və düşmən konsepsiyasını xatırladır".
İstanbul Səfaköy İğdırlılar Sosial Həmrəylik və Mədəniyyət, eləcə də İstanbul Türkiyə-Azərbaycan (İSTAD) dərnəklərinin təşkilatçılığı ilə İstanbul şəhərində "Əsrin soyqırımı-Xocalı" adlı fotosərgi təşkil edilib.
Tədbirdə İstanbul Səfaköy İğdırlılar Sosial Həmrəylik və Mədəniyyət Dərnəyinin sədri Cəlal Karaali, İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu çıxış ediblər. Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün insanlığa, eləcə də Türk dünyasına qarşı törədilmiş cinayət adlandıran tədbir iştirakçıları dünya ictimaiyyətini Xocalıya ədalət məsələsində Azərbaycanı dəstəkləməyə çağırıblar.
İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin və Azərbaycanın Qarsdakı Baş konsulluğunun birgə təşkilatçılığı ilə İğdır şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
Tədbirdə yerli hakimiyyət orqanlarının rəhbərləri, siyasi partiyaların İğdır bölmələrinin aparıcı şəxsləri, vətəndaş cəmiyyətinin və KİV-lərin təmsilçiləri iştirak ediblər. Mərasim Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi, Xocalı soyqırımı qurvanlarının, iki ölkənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və ruhlarına duaların oxunması ilə başlayıb.
Tədbirdə İğdır valisi Hüseyn Engin Sarıibrahim, Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, tarix tədqiqatçısı Ziya Zakir Acar çıxış ediblər.
Kahramanmaraş-Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin şəhər bələdiyyəsi ilə birgə təşkilatçılığı ilə Kahramanmaraş şəhərindəkı Xocalı Şəhidləri Bağında anım tədbiri keçirilib.
Tədbirdə Kahramanmaraş-Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Tural Şahbazlı, Dursun Nar, Kahramanmaraş Memarlar Palatasının sədri Yunus Emre Kaçamaz və bu şəhərdə yaşayan soydaşlarımız və yerli sakinlər iştirak ediblər.
İzmirin Karadağlar rayonundakı Azərbaycan Qarabağ Xocalı Parkında baş tutan tədbir isə Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası və Karabağlar Bələdiyyəsinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.
Tədbirdə Karabağlar bələdiyyəsinin məclis üzvləri, siyasi partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələri, soydaşlarımız iştirak ediblər. Mərasimdə Karadağlar bələdiyyəsinin sədri Mühiddin Selvitopu, Azərbaycan Türkləri və Dost Dərnəkləri Federasiyasının sədri İsa Ambarcı və Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının sədri Gürsel Özdemir çıxış ediblər.
Giresun Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutan anım tədbirində Xocalı hadisələrinin canlı şahidi, Dürdanə Ağayeva iştirak edib.
Dürdanə Ağayeva həmin dəhşətli gecə Xocalıdan qaçarkən Ağdam yaxınlığında ermənilərə əsir düşməsindən və 8 gün erməni əsirliyində işgəncələrə məruz qalmasından danışıb. Dərnəyin sədri Elgün Məmmədov bildirib ki, Xocalı Soyqırımı tarixi yaddaşlardan silinməyən Holokost, Ruanda və Srebrenitsa kimi faciələrdən fərqlənmir.
Əskişehirdəki Rəşadiyyə məscidində isə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş mövlud proqramı təşkil edilib. Azaflı Sosyal Yardım və Kültür Dərnəyi, Əskişəhər Azərbaycanlılar Dərnəyi və İHH Humanitar Yardım Fondunun Əskişəhər Təmsilciliyinin birgə təşkilatçılığı ilə məsciddə Xocalı soyqırımı və Azərbaycan şəhidlərinin ruhuna Qurani-Kərim oxunub, faciə qurbanları yad edilib.