Vankuver Azərbaycanlıları Cəmiyyəti Kanadanın Baş nazirini Xocalı soyqırımını tanımağa çağırıb
Kanadada fəaliyyət göstərən Vankuver Azərbaycanlıları Cəmiyyəti Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar ölkənin Baş Naziri Castin Trüdoya müraciət edib.
Cəmiyyətin rəhbəri Şücaət Qafarzadənin imzası ilə hökumət başçısına ünvanlanan məktubda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktı barədə ətraflı məlumat verilib. Xocalı soyqırımının insanlığa qarşı törədilmiş bəşəri cinayət olduğu qeyd edilib.
"Qürurlu kanadalılar olaraq bilirik ki, hökumətimiz digər xalqlara münasibətdə ədalət, xeyirxahlıq və sevgi dəyərlərini qiymətləndirir, qürur və anlayışla istənilən qeyri-insani münasibəti pisləyir. Biz parlamentimizin fəaliyyətində dəfələrlə bunun şahidi olmuşuq", - deyə əlavə edilib.
Soydaşlarımız Vankuver və Britaniya Kolumbiyasında yaşayan azərbaycanlıların adından Kanada parlamentini və Baş Naziri 29 il öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində baş verənləri azərbaycanlıların soyqırımı kimi tanımağa və bu barədə qətnamə qəbul etməyə çağırıb.
Qeyd edək ki, eyni məzmunlu məktub Kanadanın parlament sədrinə və Kvebek əyalətinin parlamentdəki təmsilçisinə də göndərilib.