Roma şəhərində Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası təşkil edilib
Azərbaycan-İtaliya Gənclər Assosiasiyası (AİGA) və Azərbaycan-İtaliya Birliyinin birgə təşkilatçılığı ilə Roma şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
"Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində baş tutan aksiya Popola meydanında gerçəkləşdirilib. 6 saat davam edən aksiya zamanı Xocalı soyqırımı qurbanı olmuş uşaqların QR-kodlarla hazırlanmış maketləri nümayiş olunub. QR-kod bağlanmış 100 qərənfil meydanda olan və Xocalı soyqırımı barədə məlumat almaq istəyən şəhər sakinlərinə paylanıb. Meydanda quraşdırılmış böyük monitorda italyan dilində Xocalı hadisələrini əks etdirən videomateriallar nümayiş etdirilib. Monitorun aşağı hissəsində "Qarabağ Azərbaycandır!" süarı yerləşdirilib.
Bundan başqa, yerli sakinlər İtaliya parlamentinin Xocalıya ədalətli münasibət göstərməsi məsələsində xalqımızı dəstəkləyən addım atıblar. Meydanda 100 nəfərdən çox italiyan Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi məsələsinin Italiya parlamentində gündəmə gətirilməsi ilə bağlı parlamentarilərə ünvanlanmış sənədə imza atıb.
Eyni zamanda, İtaliyada yaşayan azərbaycanlılar "Twitter" sosial media platforması üzərindən Xocalı soyqırımı ilə bağlı italyan və ingilis dillərində məlumatlar paylaşaraq, Azərbaycanın haqq səsini İtaliyaya və dünya ictimaiyyətinə çatdırmağa çalışıblar.