Koreyanın Cecu adasında Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib

02.03.2021

"BUTA" Azərbaycan-Koreya Dostluq Assosiasiyasının təşkilatçılığı və Koreyada yaşayan Azərbaycan icması nümayəndələrinin iştirakı ilə ölkənin Cecu adasında Xocalının 29-cu ildönümünə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.
"Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində baş tutan aksiya 1948-1949-cu illərdə adada baş vermiş "Cecu Qiyamı" şərəfinə ucaldılan abidənin ərazisində və "Neobeunsungi 4.3" xatirə zalında gerçəkləşdirilib.
Aksiya zamanı üzərində Koreya və ingilis dillərində "Xocalıya ədalət" yazılmış köynəklər geyinmiş gənclər yerli əhaliyə Xocalı soyqırımına dair Koreya dilində hazırlanmış bukletlər paylayıblar. Bu zaman Koreya dilində fəaliyyət göstərən www.khojaly.or.kr internet səhifəsində daha ətraflı məlumat əldə etməyin mümkün olduğunu diqqətə çatdırıblar.
Koreya dilində hazırlanmış "Xocalı soyqırımı" və "Unudulmuş soyqırım" adlı kitabçalar xatirə zalının fonduna hədiyyə olunub. Xatirə zalının rəhbərliyi bu kitabçaların gələcəkdə ziyarətçilərə nümayiş olunacağını bildirib.
Qeyd edək ki, bu, Cecu adasında Xocalı soyqırımına həsr olunmuş ilk məlumatlandırma aksiyasıdır.