ABŞ Azərbaycanlıları Koordinasiya Şurası xarici ekspertlərlə Xocalı soyqırımını müzakirə edib

02.03.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının (AAKŞ) təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar beynəlxalq videokonfransı keçirilib.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükütla anılması ilə başlayıb.
AAKŞ idarə heyətinin üzvü Samir Novruzovun moderatorluğu ilə aparılan konfransda AAKŞ üzvləri və Amerikada yaşayan digər fəal həmvətənlərimizlə yanaşı Türk-Amerika Milli İdarəetmə Komitəsinin nümayəndəsi Muhammed Sami Görgülü, İsveçdən Lund Universitetinin tədqiqatçısı, "Mübahisəli ərazilər və beynəlxalq hüquq: Dağlıq Qarabağ Münaqişəsi və Aland Adaları presedentinin müqayisəli təhlili" kitabının müəllifi Kamal Makili-Əliyev, ABŞ-da siyasi məsləhətçi, "Erməni lobbisi və ABŞ xarici siyasəti", "Dağlarda Qətl: Xocalıda hərbi cinayətlər və Dağlıq Qarabağ münaqişəsi" kitablarının müəllifi Raul Loueri Kontreras, Texas ştatının konqresmeni Troy Nels ofisinin nümayəndəsi Mo Nehad, "The Caspian Times" beynəlxalq portalının təsisçisi, geosiyasi və beynəlxalq münaqişələr üzrə ekspert, “Tovuzdan Qarabağa, Cənubi Qafqazdakı müharibənin hərtərəfli təhlili” kitabının müəllifi Malik Ayub Sumbal, "Sonsuz dəhliz" sənədli filminin müəllifi, litvalı jurnalist Riçard Lapaitis, ABŞ-dan gənc ictimai fəal, Miçiqan Universitetinin tələbəsi Matt Garnett və Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi şəxsləri iştirak ediblər.
Konfransda giriş sözü ilə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxış edib. Qonaqları salamlayan natiq Azərbaycan dövlətinin apardığı ardıcıl siyasət nəticəsində dünyanın müxtəlif ölkələrində 26 fevral tarixinin Xocalı soyqırımının anım günü kimi qeyd edildiyinə, "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində həqiqətlərin dünya ictimaiyyətinin və beynəlxalq birliyin nəzərinə çatdırıldığına diqqəti cəlb edib.
Sonra Kamal Makili-Əliyev, Raul Loueri Kontreras, Mo Nehad, Malik Ayub Sumbal və Riçard Lapaitis Xocalıda baş verənlər barədə fikirlərini söyləyiblər. Bildirilib ki, Xocalıda baş verənlər əsl soyqırımı olub və XX əsrin sonlarında erməni faşizmi adlandırılan yeni termin ortaya çıxıb. Xocalıdan öncə fevralın 17-də Meşəli və Qaradağlı kəndlərində mülki şəxslərə qarşı ağır çinayətlərin baş verdiyi, erməni cəlladlarının yalnız Qaradağlıda 100-dən çox mülki şəxsi qətlə yetirdikləri nəzərə çatdırılıb. Təəssüflə qeyd edilib ki, dünya mediasının və beynəlxalq ictimaiyyətin bu hadisələrə susması erməni separatçılarına, Daşnaksütyun partiyasının üzvlərinə, "Krunk" təşkilatına və ASALA terrorçularına Dağlıq Qarabağ ərazisində mülki azərbaycanlılara qarşı xüsusi vəhşiliklə zorakılıqları davam etdirməyə imkan verib.
"XX əsrin sonunda Dağlıq Qarabağ ərazisindəki erməni faşizmi müasir Ermənistan tarixinin ən biabırçı səhifəsi oldu. Bu fikri heç vaxt dəyişdirmərəm. Düşünürəm ki, Ermənistanın öz səhvlərini dərketmə vaxtı gəlib və edə biləcəkləri ən az şey günahlarını boynuna almaq, Azərbaycan xalqından üzr istəməkdir. Amma təəssüf ki, onların nə şərəfi, nə də vicdanı var, heç bir şeyləri yoxdur!", - deyə Riçard Lapaitis vurğulayıb.
Tədbirə ABŞ-ın İllinoys ştatından canlı bağlantı ilə qoşulan Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov Çikaqo şəhərindəki Holokost muzeyində təşkil etdiyi sərgidən birbaşa yayım edib.
Dövlət Komitəsinin əməkdaşı Lalə İsmayılova ABŞ-da Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar təşkil edilən tədbirlər haqqında videotəqdimat ilə çıxış edib.
Təqdimatdan sonra "Sonsuz dəhliz" sənədli filmi nümayiş etdirilib.
Sonda tədbirdə fəal iştirak və dəyərli məruzələrinə görə qonaqlara minnətdarlıq edilib.