Qazaxıstanın müxtəlif şəhərlərində Xocalı soyqırımı qurbanları yad edilib
Qazaxıstanda fəaliyyət göstərən Atayurd (Nomad) İctimai Birliyinin, "Birlik" ictimai təşkilatının, "Qarabağ – Azərbaycan" Etnomədəni Birliyinin təşəbbüsü ilə Almatı, Kostanay və Şimkənd şəhərlərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayan tədbirdə Atayurd (Nomad) İctimai Birliyinin sədri Süleyman Əhmədov, Almatı şəhərində Azərbaycan diplomatik korpusunun nümayəndəsi Ülvi Baxşəliyev, Dünya Ahıska Türkləri Birliyinin rəhbəri Ziyəddin Kassanov, Qazaxıstandakı kürd icmasının sədri Knyaz Mirzəyev, "Birlik" ictimai təşkilatının sədri Rəfail Hacıbalayev və təşkilat üzvləri, "Qarabağ – Azərbaycan" Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva və Birliyin bəzi üzvləri, Türküstan vilayətinin Karasu kənd icra hakimi Damir Sıdıkov, Xalq yazıçısı Amangeldi Kabılbekiv, Xocalı faciəsinin şahidləri Fehruz Əliyev və Fəyaz Axundov, Karasu kəndində fəaliyyət göstərən bazar günü məktəbinin müəllimi Orhan Cahangirli çıxış ediblər.
Tədbir iştirakçıları mənfur düşmənlərin xalqımızın başına gətirdikləri müsibətləri hiddətlə pisləyiblər. Bu amansız faciənin xalqımızın yaddaşından heç zaman silinməyəcəyi, dünya azərbaycanlılarının "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi naminə fədakarlıqla çalışdıqlarını bildiriblər.
Tədbirlərdə Xocalıda yaşanan dəhşətli faciəni əks etdirən videoçarx, 44 gün davam edən müharibənin döyüş kadrları nümayiş olunub və məktəblilərin ifasında şerlər səsləndirilib.
Tədbirlərin sonunda bir daha bu cür hadisələrin baş verməməsi, günahsız insanların öldürülməməsi, dünyada sülhün bərqərar olması üçün Xocalı soyqırımının tanınması və cimayətkarların cəzalandırılması tələbi ilə beynəlxalq təşkilatlara çağırış edilib.
Tədbirlər çərçivəsində Xocalı soyqırımının dəhşətlərindən bəhs edən buklet və şəkillərdən ibarət guşə də yaradılıb.