ABŞ-ın Solt Leyk Siti şəhərində Xocalı soyqırımına həsr olunmuş növbəti sərgi təşkil olunub

02.03.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Yuta–Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə ABŞ-ın Yuta ştatının Solt Leyk Siti şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş növbəti sərgi keçirilib.
Şəhərin məşhur "Biofire" restoranının lobbisində gerçəkləşdirilən sərgidə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edərkən dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsini əks etdirən məlumatlar və fotoşəkillər nümayiş etdirilib.
"Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində öncə Xocalı soyqırımı barədə restoranın kollektivinə və menecerinə ətraflı məlumat verilib. Soydaşımız amerikalıları Xocalıya ədalət çağırışına qoşulmağa, bu dəhşətli qətliam barədə ətraflı məlumatları "justiceforkhojaly.org" saytından əldə etməyə, müştəriləri və dostları arasında paylaşmağa dəvət edib.