İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib

02.03.2021

İordaniya Haşimilər Krallığında fəaliyyət göstərən Azərbaycan diasporunun təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş videokonfrans təşkil edilib.
Bu ölkədəki diasporumuzun rəhbəri Zümrüd Dadaşovanın moderatorluğu ilə keçirilən konfransda azərbaycanlı icmasının üzvləri və Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi şəxsləri iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirililməsi və Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransda çıxış edənlər 29 il əvvəl erməni silahlı birləşmələrinin Xocalı şəhərində yaşayan dinc azərbaycanlılara qarşı ağlasığmaz qəddarlıq və qeyri-insani cəza üsulları ilə törətdikləri soyqırımını bəşər tarixində vəhşilik aktı adlandırıblar. Qeyd edilib ki, artıq dünyanın bir sıra dövlətləri, o cümlədən İordaniya parlamenti də bu hadisələri insanlığa qarşı cinayət kimi dəyərləndirib və Xocalı soyqrımını rəsmən tanıyıb.
Tədbirdə İordaniyada yaşayan kiçik yaşlı uşaqların Xocalı soyqırımına həsr etdikləri rəsmlər nümayiş etdirilib.