Sidneydə Xocalı soyqırımı qurbanları yad edilib
Avstraliya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə Sidney şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
"Canada Bay" Klubunda baş tutan tədbirdə Avstraliyanın millət vəkili Pol Linç, Türkiyənin Sidneydəki Baş konsulu Əli Sevim, dini məsələlər üzrə attaşe Bilal Aksoy, Avstraliya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Elxan Məmmədov, Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin rəhbəri İmaməddin Qasımov və digər icmaların nümayəndələri iştirak ediblər.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Tədbirdə çıxış edənlər 29 il öncə erməni silahlı qüvvələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyilə Xocalı şəhərində dinc insanlara qarşı xüsusi amansızlıq və qəddarlıqla soyqırımı aktı törətdiyinə diqqəti cəlb ediblər. Xocalı qətliamını insanlığa qarşı dəhşətli cinayət adlandıran natiqlər beynəlxalq ictimaiyyətin Xocalı qətliamına hüquqi-siyasi qiymətin verilməsi istiqamətində qətiyyətli addımlar atmasının vacib olduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, yalnız bu halda Cənubi Qafqaz regionunda möhkəm sülh və barış bərqərar ola, Azərbaycan və Ermənistan xalqları sülh və barış içində dinc yanaşı yaşaya bilər.
Çıxışlardan sonra pianoda Fikrət Əmirovun əsərləri ifa edilib və "Sonsuz dəhliz" filmi nümayiş olunub.
Tədbir çərçivəsində yaradılan anım guşəsində güllər düzülüb, Xocalıya həsr olunmuş fotoşəkillər və məlumatlar nümayiş etdirilib.