Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar
Avropanın aparıcı ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporunun gənc fəalları "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində maraqlı aksiya təşkil ediblər.
Həmvətənlərimiz yaşadıqları ölkələrin tarixi məkanlarında, parlamentlərin, beynəlxalq təşkilatların önündə əllərində "Xocalıya ədalət!" tələbinin əks olunduğu posterlər tutaraq bir nəfərlik aksiyalar keçiriblər. Bununla da soydaşlarımız Avropa rəsmilərinə və ictimaiyyətinə ədalətli olmaq, haqları tapdanmış soyqırımı qurbanlarının qarşısında insanlıq və hüquqi borclarını yerinə yetirmək ismarıcını ünvanlayıblar.
Aksiyada Fransada Azərbaycanlı Tələbələr Təşkilatı, İsveçrədə "Azərbaycanın Dostları" Birliyi, "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi, Polşadakı Azərbaycan Evi, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi, Finlandiyada Azər-Türk Gənclər Təşkilatı, Belcika Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Macarıstandakı Azərbaycan diasporunun gənc təmsilçiləri fəal iştirak ediblər.