İtaliya mediasında Xocalı soyqırımından yazılıb

26.02.2021

Soydaşlarımızın təşəbbüsü ilə İtaliyanın "eurasiaticanews.altervista.org" xəbər portalında "Azərbaycanda Xocalı qətliamının 29-cu ildönümü qeyd edilir" sərlövhəli məqalə yerləşdirilib.
İtaliyalı jurnalist, Avropa Xəbər Agentliyinin İtaliya üzrə nümayəndəsi Karlo Marinonun qələmə aldığı məqalədə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan şəhəri Xocalıda ermənilərin törətdikləri qətliam-soyqırımı 1990-cı illərdə insanlığa qarşı ən ciddi cinayətlərdən biri hesab olunur.
Həmin gecənin dəhşətlərini bütün təfərrüatı ilə təsvir edən müəllif qeyd edib ki, ermənilər azərbaycanlıların qədim yaşayış məskənini tamamilə məhv etmək niyyətində olublar, çünki qədim şəhər olan Xocalı öz tarixi və mədəni abidələri ilə digər ərazilərdən fərqlənirdi.
Bildirilib ki, 366-cı motoatıcı alayın dəstəyilə Xocalıdakı günahsız insanları öldürməklə yanaşı, erməni silahlı birləşmələri bu cinayətin izlərini itirmək məqsədilə torpağa od vurub, görünməmiş qəddarlığa əl ataraq, Azərbaycan xalqı və bəşəriyyət üçün misilsiz əhəmiyyətə malik olan abidələri məhv edib.
Xocalı soyqırımının tarixə əbədi olaraq qəddar barbarlıq kimi düşmüş Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən fərqlənmədiyi nəzərə çatdırılıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
http://eurasiaticanews.altervista.org/lazerbaijan-commemora-il-29-anniversario-del-massacro-di-khojaly/