İtaliyanın Venesiya şəhərində açıq havada "Qarabağ həqiqətləri" adlı sərgi təşkil edilib
"Mədəniyyətlərarası Əlaqələr Gənclər Birliyi"nin təşəbbüsü ilə Venesiya şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Qarabağ həqiqətləri" mövzusunda sərgi və məlumatlandırma aksiyası təşkil edilib.
Birliyin rəhbəri Türkan Həsənova bildirib ki, açıq səma altında baş tutan sərgi və aksiya Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin nəzərinə çatdırılması məqsədilə gerçəkləşdirilib.
Sərgidə Ermənistanın 30 ilə yaxın davam edən işğalı ərzində erməni vandalizminin qurbanına çevrilmiş şəhərlərimizin və Xocalı soyqırımı qurbanlarının fotoşəkilləri nümayiş etdirilib. Gənclərimiz Xocalı soyqırımı haqqında yerli sakinlərə ətraflı məlumatlar veriblər və fotolarla bağlı onların suallarını cavablandırıblar.
Aksiya zamanı Qarabağın rəmzlərindən birinə çevrilmiş "Sarı Gəlin" xalq mahnısı səsləndirilib. 2 saat davam edən tədbir "Xocalıya ədalət!" tələbinin əks olunduğu plakatın qaldırılması ilə yekunlaşıb.