Serbiya mediasında Xocalı soyqırımından bəhs edilib

26.02.2021

Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Zərifə Əlizadənin təşəbbüsü ilə https://www.danas.rs xəbər portalında "Azərbaycanın Xocalı soyqırımından 29 il keçir" sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə Xocalı soyqırımı, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və təcavüzkar siyasət, 44 günlük Vətən müharibəsi zamanı mülki əhaliyə qarşı qadağan olunmuş kasset bombalarından və raketlərdən istifadə etməsi barədə ətraflı məlumat verilib: "Bu təcavüz zamanı mülki Azərbaycan əhalisinə qarşı çoxsaylı cinayətlər, o cümlədən soyqırım aktları törədilib. Ermənistan Respublikası təcavüzkar ölkə olaraq bu cinayətlərə görə məsuliyyət daşıyır".
Qeyd edilib ki, 1992-ci ildə Xocalı şəhərində törədilmiş soyqırımı, eləcə də 2020-ci ildə dinc əhalinin bombardman edilməsi Ermənistan hakimiyyətinin Azərbaycanın mülki vətəndaşlarına qarşı düşünülmüş siyasətinin və sistematik zorakılığının əyani sübutudur. "Hər il soyqırımı qurbanlarının anılması ermənilərin Xocalıda törətdikləri dəhşətli qətliamın Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyinə və soyqırımı törədənlərin gec-tez cəzalandırılacağına dəlalət edir".

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzində Xocalının 29-cu ildönümü ilə əlaqədar anım guşəsi də yaradılıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.danas.rs/svet/azerbejdzan-obelezava-29-godina-od-genocida-u-hodzaliju