Tbilisidə Xocalıya həsr edilmiş anım mərasimi və fləşmob təşkil edilib
Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşəbbüsü ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın, Türkiyənin və Səudiyyə Ərəbistanının Gürcüstandakı səfirləri, Türkmənistan, Ukrayna, Belarus, Qazaxıstan səfirliklərinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Anım mərasimi Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Muzeyin direktoru Leyla Əliyeva tədbiri açaraq 29 il öncə erməni silahlı birləşmələrinin Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırımı aktı barədə zaman unudulmayacağını, xalqımızın yaddaşından silinməyəcəyini bildirib.
Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Xocalı soyqırımına görə xalqımıza və faciə qurbanlarının ailə üzvlərinə başsağlığı verib, tezliklə Xocalı soyqırımı qurbanları üçün də ədalətin tam bərpa olunacağına inandığını söyləyib.
Daha sonra "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində çəkilən sənədli film nümayiş edilib və Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının gürcü dilində hazırladığı “Ana fəryadı” adlı teatrlaşdırılmış səhnə təqdim olunub.
Tədbir çərçivəsində Xocalı soyqırımı mövzusunda fotolar da sərgilənib, Xocalı faciəsi haqqında buklet, üzərində "Xocalıya ədalət" şüarı olan qoruyucu maska və döş nişanları paylanılıb.
Həmin gün Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşəbbüsü ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş fləşmob da təşkil edilib.
Tbilisinin Rike parkında keçirilən aksiyada "Xocalıya ədalət!" yazılan köynək geyinmiş 20-yə yaxın azərbaycanlı və gürcü uşaqlar Sülh körpüsünün üzərindən havaya ağ şarlar buraxıblar. Aksiyanın əsas çağırışı "Gələcək sülh istəyir" olub.