Yekaterinburq şəhərində Xocalı soyqırımına həsr olunmuş klassik musiqi gecəsi keçirilib
Rusiyanın Sverdlovsk vilayətində fəaliyyət göstərən "Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatının təşkilatçılığı ilə Yekaterinburq şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş klassik musiqi gecəsi təşkil edilib.
"Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirdə yerli hakimiyyət orqanlarının, diplomatik missiyanın təmsilçiləri, elm xadimləri, siyasətçilər, tələbələr, KİV-lərin və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Sonra Azərbaycanın Yekaterinburqdakı Baş konsulu İlqar İsgəndərov, "Azərbaycan-Ural" milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski çıxış ediblər. Natiqlər xalqımızın kədərinə şərik olan tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bəşəriyyət tarixinin ən qanlı və dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı heç zaman xalqımızın yaddaşından silinməyəcək.
"Bu faciə xalqımızı sarsıtdı, amma onun iradəsini və qətiyyətini sındırmadı, əksinə bizi millət kimi daha da sıx birləşdirdi. Biz Xocalı sorqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik. Bu cür cinayətlərin heç bir vaxt təkrarlanmaması üçün dünya Xocalı haqqında bilməlidir", - deyə Ş.Şıxlinskı bildirib.
Gecədə Yekaterinburq filarmoniyasının simfonik orkestrinin və solistlərinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib, Xocalı faciəsi ilə bağlı film nümayiş olunub, tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında məlumatların əks olunduğu bukletlər paylanılıb.