ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalının anım günü elan edilib

26.02.2021

Florida ştatının Sanni Ayles Biç şəhərinin meri Corc Skoll Xocalının 29-cu ildönümü ilə əlaqədar 26 fevral 2021-ci il tarixinin Xocalı soyqırımı qurbanlarının anım günü elan edilməsinə dair bəyannamə imzalayıb.
Merin imzaladığı bəyannamədə 1988-ci il Azərbaycanın Dağlıq Qarabağ bölgəsində münaqişənin başlaması, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıya hücumu nəticəsində aralarında qadınların, uşaqların, qocaların olduğu 600-dən çox mülki insanın qətlə yetirilməsi barədə məlumat verilib.
Bəyannamədə qeyd edilir ki, Xocalı soyqırımı müharibə dövründə vurula bilən dəhşətli ziyanın ağrılı xatırlatmasıdır və dünya xalqları arasında daha çox ünsiyyət və tolerantlığa ehtiyac olduğunu göstərir.
Bütün bunları nəzərə alan mer Corc Skoll 26 fevral 2021-ci il tarixini Xocalı faciəsinin Anım Günü elan edib.
Bəyannamə Florida ştatında yaşayan soydaşlarımız və Florida-Azərbaycan İcmasının rəhbəri Esmira Bayramovanın təşəbbüsü ilə qəbul edilib.
Xatırlladaq ki, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində ABŞ-ın Minnesota ştatının qubernatoru, Florida ştatının Aventura və Holondeyl Biç şəhərlərinin merləri, Men ştatının Portlənd şəhərinin meri, İllinoys ştatının Skoki şəhərinin meri və Massaçusets ştatının Boston şəhər meri tərəfindən də oxşar bəyanatlar qəbul edib.