Varşavadakı Azərbaycan Evində Xocalıya həsr olunmuş sərgi təşkil edilib

25.02.2021

Polşanın Varşava şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin və Polşa Azərbaycanlıları Şurasının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş sərgi təşkil edilib.
Xocalı faciəsini əks etdirən rəsm əsərlərinin, fotomaterialların və kitabların nümayiş olunduğu sərgi çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan evinin rəhbəri Lalə Zeynalova, Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli və yerli ictimaiyyətin nümayəndələri çıxış ediblər. Natiqlər 1992-ci il fevralın 25-dən 26-na kecən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayıb hərbçilərinin köməyi ilə Xocalı sakinlərinə qarşı törətdikləri dəhşətli soyqırımı barədə müfəssəl məlumat veriblər, bu qanlı və kütləvi qırğını insanlığa sığmayan misli görünməmiş cinayət adlandırıblar.
Varşava Universitetinin Huquq və Şərq Araşdirmalari uzrə magistratura tələbəsi, 2019-cu ildə keçirilən "Mən Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibi Maria Jaqodzinskaya bildirib ki, erməni faşizmini hiddətlə pisləyir, belə faciələrin bir daha yaşanmaması üçün Xocalıda soyqırımı törədən erməni cəlladlarının məsuliyyətə cəlb olunması və cəzalandırılması xüsusilə vacibdir.
Sonra Lalə Zeynalova Azərbaycan icmasının Polşa Seyminə (parlament), Xarici İşlər Nazirliyinə və siyasi-analitik mərkəzlərə ünvanlanan bəyanatını səsləndirib.
Sərgi zamanı Varşavada təhsil alan azərbaycanlı tələbələr Fərid Abdullayev və Baba Abbasov tarda və gitarada "Bayatı Şiraz" muğamını, "Sarı gəlin" və digər Azərbaycan xalq mahnılarını ifa ediblər.
Xocalı soyqırımına həsr olunmuş sərginin bir həftə davam edəcəyi nəzərdə tutulub.