Gürcüstanda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

25.02.2021

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Marneuli şəhərində “28 il 9 ay - Xocalı soyqırımından Şuşanın azadlığınadək” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları, Kvemo Kartlinin yerli hakimiyyət strukturlarının rəhbər şəxsləri, Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, ziyalılar, icmanın gənc fəalları, din xadimləri, Gürcüstan ictimaiyyətinin nümayəndələri və s. şəxslər iştirak edib.
Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Əhli-Beyt Aşiqləri Forumunun rəhbəri Elçin Daşdanov şəhidlərin əziz xatirəsinə Qurandan ayələr oxuyub.
İnteqrasiya Mərkəzinin icraçı direktoru Rafiq Hümmətov tədbiri giriş sözü ilə açaraq erməni terrorçuları tərəfindən Xocalıda törədilmiş soyqırımının təfərrüatları barədə danışıb, soyqırımı qurbanlarının əziz xatirəsinin daim Azərbaycan xalqının qəlbində yaşayacağını, tarixi cinayəti törədənlərin öz layiqli cəzasını alacağını, hər bir azərbaycanlının bu cinayətin soyqırımı kimi tanınması üçün yaşadığı ölkənin müvafiq qurumları qarşısında məsələ qaldırmasının vacibliyini vurğulayıb. Belə cinayətlərin gələcəkdə təkrarlanmaması və xalqların sülh şəraitində yaşaması baxımından soyqırımını törədən şəxslərin cəzalandırılmasının zəruri olduğunu bildirib.
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxış edərək Xocalı soyqırımı barədə ətraflı məlumat verib, faciəni insanlığa qarşı misli görünməmiş cinayət adlandırıb. Diplomat Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xarici ölkələrdə aparılan kampaniyalar barədə də danışaraq müxtəlif ölkələrin parlamentlərində faciə ilə bağlı müvafiq sənəd və qərarların qəbul olunduğunu bildirib.
Gürcüstan parlamentinin sabiq deputatı, tarixçi alim Mahir Dərziyev “Xocalı faciəsinin təkrarlanmaması üçün davamlı sülhün əldə olunması yolları” mövzusunda məruzə ilə çıxış edib. Xocalı soyqırımının əsas mahiyyəti barədə geniş məlumat verən natiq qeyd edib ki, hər bir xalqın şanlı tarixi, qəhrəmanlıq səhifəsi və qanlı keçmişi olur. Azərbaycan dövlətinin keçmişi və bu günü hamımızın qürur mənbəyidir. M.Dərziyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun tarixi Qələbəsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Gürcüstan parlamentinin keçmiş deputatı Ruslan Hacıyev çıxışında bir gecənin içində qədim Xocalı şəhərinin yerlə-yeksan edildiyini, dinc əhalinin etnik mənsubiyyətinə görə qətlə yetirildiyini, Azərbaycan xalqının Xocalı soyqırımını heç vaxt unutmayacağını qeyd edib.
Tədbirə qatılmış digər qonaqlar da faciə barədə öz fikirlərini iştirakçılarla bölüşüblər. Tədbirdə Xocalı soyqırımını əks etdirən fotoslayd nümayiş etdirilib, soyqırımı qurbanlarının xatirəsinə şamlar yandırılıb və ətrafına tər qərənfillər düzülüb.