Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməklə bağlı dünya birliyinə çağırış edilib
Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiriciləri Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq qurumlara bəyanatla müraciət ediblər.
Koordinasiya Şurasının əlaqələndiriciləri Eldar Vəliyev (Çexiya), Zərifə Əlizadə (Serbiya), Renad Yüzbəyov (Xorvatiya), Ramiz Əmirli (Macarıstan), Rəşad Mehbalıyev (Macarıstan), "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Rəşid Məmmədov, Seyran Mirzəzadə (Monteneqro), Xəlil Həsənov (Polşa), Lalə Zeynalova (Polşa), Entela Muço (Albaniya), Vaqif Həsənov (Rumıniya) və Rüstəm Rüstəmovun (Slovakiya) imzaları ilə BMT-nin katibliyinə, İnsan hüquqları üzrə Ali komissarlığına, Avropa Birliyinə, Avropa Parlamentinə, NATO-nun Parlament Assambleyasına, Beynəlxalq Sülh Bürosuna ünvanlanan bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə törətdiyi Xocalı soyqırımı, Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi təcavüzkar və etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verilib.
Bəyanat müəllifləri təəssüflə qeyd ediblər ki, beynəlxalq hüquq normaları və prinsiplərinin, insan hüquqları və azadlıqlarının cinayətkarcasına və kobudcasına tapdandığı bu soyqırımı planlaşdıranlar, təşkil edənlər və icraçılar indiyədək məhkəmə istintaqına cəlb olunmayıblar və layiqli cəzalarını almayıblar. "Biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları ədalət və gələcək naminə Xocalı soyqırımını qətiyyətlə pisləməyə, bu kütləvi qırğına obyektiv hüquqi və siyasi qiymət verməyə çağırırıq".