Soydaşlarımız Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Polşa Azərbaycanlıları Koordinasiya Şurası və Varşavada fəaliyyət göstərən Azərbaycan Evi ölkənin rəsmi qurumlarını Xocalı soyqırımını rəsmən tanımağa çağırıb.
Azərbaycan Evinin rəhbəri Lalə Zeynalovanın imzası ilə Polşa Seyminə (parlament), Xarici İşlər Nazirliyinə və siyasi-analitik mərkəzlərə ünvanlanan bəyanatda erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində mülki azərbaycanlılara qarşı xüsusi qəddarlıqla və barbarcasına törətdikləri kütləvi qırğın barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, bu dəhşətli cinayətə səssiz qalmaq, göz yummaq yolverilməzdir və Avropa dəyərlərinə xəyanətdir. Ruanda və keçmiş Yuqoslaviya ərazisində baş vermiş soyqırımların beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını xatırladan soydaşlarımız Xocalı soyqırımına da bu cür münasibətin nümayiş etdirilməsini, erməni cəlladlarının beynəlxalq hərbi tribunala cəlb olunmasını tələb ediblər.