Misirin dövlət televiziyasında Nizami Gəncəvidən bəhs olunub
Misirin “Nil Mədəniyyət” dövlət telekanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb.
Verilişin qonağı "Vətənpərvər" – Misirdə Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov olub. Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi ili" elan edildiyini xatırladan alim qüdrətli söz ustadının əsərlərini Şərq poeziyası və fəlsəfi fikrinin incisi adlandırıb. O, qədim ərəb mənbələrinə istinadla Azərbaycanın elm, mədəniyyət, ədəbiyyat və incəsənət ölkəsi olmasını bildirib. Qeyd edib ki, dahi şairin "Xəmsə"si və dünyaya göz açdığı Gəncə şəhəri haqqında ərəb mənbələrində çoxlu sayda maraqlı faktların mövcuddur.
Tədqiqatçı-alim dahi şairin əsərlərini farsca yazmasını həmin dövrdəki ədəbi mühitdə ərəb və fars dillərinin hakim olması ilə əsaslandırıb.
Bir saat davam edən veriliş ərzində Azərbaycanın tarixini, zəngin mədəni irsini, xalçaçılıq və ipəkçilik sənətini, eləcə də müasir həyatını əks etdirən süjetlər nümayiş etdirilib. Veriliş zamnı Qahirədə Nizami Gəncəviyə həsr olunmuş konfransa və ölkəmizin Misirdəki səfiri Tural Rzayevin yerli telekanallara müsahibəsinə də yer verilib.
Verilişi daha ətraflı şəkildə aşağıdakı linkdən izləmək mümkündür:
https://www.youtube.com/watch?v=g3FxFoy6ksM